"Kibertəhlükəsizlik üzrə mütəxəssislərin də razılaşdığı bir məqam var ki, ötən il ərzində (2022) KİV-lərə olan hücunların sayında əhəmiyyətli sıçrayış hiss edilib. Əvvəlki illər ilə müqayisədə bu hücumların 10-15 dəfə artığı haqqında məlumatlar var. Ekspertlər KİV-lərin təhlükəsizliyinə daha ciddi yanaşmağı tövsiyə edirlər".
Bunu Faktmedia.az-a İT mütəxəssisi Fərhad Mirəliyev deyib.
Mütəxəssis hesab edir ki, KiV-lərə olan kiberhücumların nəticəsi olaraq, sanballı mediya qurumları tərəfindən yalan məlumatların yayılması və nəticədə kütləvi dezinformasiya mühitinin formalaşmasına gətirib çıxara bilər:
"Bu sahə üzrə analitiklərin təhlil məlumatlarına nəzər yetirsək görərik ki, KİV-lər artıq hədəf kimi ilk 5-liyə daxil olublar. İlk yerlərdə əvvəlki kimi dövlət, tibb, sənaye və təhsil müəssisələri qərarlaşıb. Hücumların motivlərinə gəldikdə isə, bədniyyətlilər əsasən müəssisə infrastrukturunu hədəf alırlar. Burada məqsəd mümkün qədər çox sayda kompüter, server və şəbəkə avadanlığını əhatə etməkdir. Hücum zamanı son zamanlar daha tez-tez sosial-mühəndislik metodundan istifadə edilir. Beləki, əvvəlcə bədniyyətli öz hədəfi ilə e-poçt və ya mesencer proqramları vasitəsilə əlaqə saxlayır. Müxtəlif mövzularda etimad mühiti yaratmaqla qurban seçdiyi şəxsin etibarından sui-istifadə edir. Bəzən olur ki, elektron məktublarda material kimi təqdim olunan .docx, .xlsx və ya .pdf formatında zərərli əlavələr olur. Bu tip fayllarda zərərli virus yükü ilə yanaşı faydalı bir informasiya da ola bilər. Ona görə də, çox vaxt istifadəçi çətinliklə üzləşir. Xüsusən də, elektron materiallar ilə mübadilə prosesi daha çox gedən KİV-lərdə bu hallara rast gəlinir".
Fərhad Mirəliyev düşünür ki, hədəfə yoluxdurulan virusların içərisində ən çox rast gəlinənlər isə şifrələyici və casus proqramlarıdır:
"Bundan başqa saytların işini pozmaq məqsədi ilə DOS hücumlar təşkil edilir ki, bunun nəticəsi olaraq mediya resursun saytı şəbəkədə oflayn rejimə keçir. Ötən il Almaniyada bir neçə gündəlik qəzetə aid veb saytlar və hesabların şiddətli hücuma məruz qalması haqqında məlumatlar yayıldı. Rusiya-Ukrayna müharibəsi fonunda qeyd olunan xəbər portallarını təbliğat vasitəsi olaraq istifadə edilməsi cəhdləri var idi. Gündəlik olaraq, feyk hesablar tərəfindən propaqanda xarakterli 100-lərlə şərh botlar tərəfindən yazılmışdı".
Saytların kodlarında olan boşluqları istifadə edərək, bədniyyətlilər bəzən legitim olmayan məzmun yerləşdirə bildiklərini deyən F. Mirəliyev ən çox bu hallar əsas səhifədə və ya xəbər lentində müşahidə edildiyini bildirib:
"Məqsəd yenə də dezinformasiya yaymaq və oxuyucu kütləsi arasında panika yaratmaqdır. Preventiv tədbirlər olaraq, infrastrukturun müdafiəsinə daha çox diqqət ayrılmalıdır. Kompleks müdafiə tədbirləri görməklə DOS hücumların, veb-tətbiqin boşluqlarını aradan qaldırmaqla isə məzmuna müdaxilənin qarşısını almaq mümkündür. Bundan başqa antivirus müdafiə vasitələrinin tətbiqi, mənbəyindən əminlik olmayan sənədlərin xüsusi yaradılmış mühitdə emalı prosesi də diqqətdə saxlanılmalı amillərdəndir".
Havar Şəfiyeva