Körpədə bişməcənin yaranmasına səbəb nədir? Onun qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan tanınmış pediatr Aytən İsmaylzadə bildirib ki, bişməcə müəyyən amillərə dərinin reaksiyasıdır.
Bu amillər, pis nəcis, tər duzu, sürtünmə və s-dır:
“Bişməcə daha çox həssas uşaqlarda olur. Bağırsaq mühiti pozulubsa, turşuluq artıbsa, nəcis dəriya toxunarkən tez bir vaxtda bişməcə də yaradır. Buna görə də bişməcəni aradan qaldırmaq üçün mütləq probiotik verilməlidir. Bişməcə olduqda dəri qızarır, göynəyir, uşaq narahat olur. Davam etdikcə maserasiya da qoşulur, yəni dərinin üst sathi sanki soyulur, sidik dəydikdə göynəmə və qıcıqlanma daha da artır, göbələk, mikrob qoşularsa, proses daha da dərinləşir, infeksiyalaşır”.
Həkim qeyd edib ki, bişməcə olmasın deyə bağırsaq mühiti sağlam saxlanılmalı, büküklər yağlanmalıdır:
“Bükük dərisinin çox nazik olduğunu unutmamalıyıq. Dəri üçün quruducu kremlərdən tez-tez istifadə etmək olmaz. Onlar dərinin nəmliyini azaldır va yerli müdafiəni pozur. Allergik məhsullardan da uzaq olmaq lazımdır. Çünki dəri həssaslığını görürüksə, bağırsaq həssaslığını da unutmamalıyıq. Bağırsaq mühitini, bağırsaq selikli qişasını sağlam saxlamaqdan əlavə, süd verən ana da pəhrizə əməl etməlidir. Bişməcəni görən kimi hormon tarkibli malhamlar istifadə etmək olmaz. D-pantenol tərkibli kremlar ("Bepanten"), bezaltı üçün yağlı bişməcə kremləri, çaytikanı yağı istifada edilə bilər ki, bunlar təhlükəli deyil”.
Bəsti Məmməd