"Şübhəsiz ki Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi ölkəmizə olan marağı daha da artırıb. Bu da öz növbəsində ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına yeni imkanlar açıb".
Bunu Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, bu gün dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş ölkə kimi qəbul edirlər:
"Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. Forumun ölkəmiz üçün ən böyük əhəmiyyətlərindən biri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından ibarətdir. Belə ki, Qlobal Bakı Forumu ölkəmizin uğurlarının dünyaya təqdimatı üçün daha bir mühüm platforma qismində çıxış edir. Bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var".
Politoloq əlavə edib ki, umumiyyətlə isə qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib:
"Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 60 ölkədən 350-dək nümayəndə iştirak etdi.
Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələlərin müzakirə edildiyini gördük. Rusiya-Ukrayna müharibəsi, pandemiyalar, iqlim dəyişiklikləri, texnoloji inkişaf bütün dünya üçün yeni təhdidlər yaradıb. Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda, beynəlxalq arenada gərginliyin artdığı vaxtda məhz Azərbaycanın təşəbbüsü ilə ilk dəfə bu cür geniş tərkibdə və formatda, hər hansı ideoloji çalardan uzaq formatda dünyanı narahat edən məsələlər müzakirə olunub. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunduğu bir platformadır.
Bakı forumu hər zaman münaqişələrlə bağlı Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatıdırılmasında da mühüm rol oynayıb və bu dəfə də ölkə başçısının açılış mərasimindəki çıxışı ilə Azərbaycanın mövqeyi və sülh quruculuğu ilə əlaqədar təcrübəsi növbəti dəfə iştirakçıların diqqətinə çatıdırldı. Prezident tərəfindən həmçinin Azərbaycanın sülh quruculuğu ilə bağlı səyləri və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsi də təqdim edildi. Şübhəsiz ki, Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verdi.
Forumda Prezident tərəfindən olduqca ciddi mesajlar da verildi və bildirildi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Təbii ki, söhbət Ermənistandan gedir. Çünki işğal dövründə aparılan danışıqlar zamanı olduğu kimi ikinci Qarabağ savaşından sonra da Ermənistan tərəfindən sülh istiqamətində hər hansı bir addımların atıldığını görmürük. Bu isə Ermənistanın dinc yolla yaşamaq istəmədiyini göstərir. Təbii ki, Ermənistanın slüh istiqamətində addım atmaması həm də ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların mövqeyi ilə əlaqədardır. Elə Prezident də məhz bu məqama toxunaraq vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçıların Ermənistanı sülh üçün dilə gətirəcəklərinə inamını ifadə edərkən bu ölkənin müstəqil siyasət yürütmədiyini və başqa ölkələrin müstəmləkəsinə çevrildiyini deyərək faktiki olaraq vasitəçi dövlətlərə “Ermənistanın ipini çəkin” mesajını vermiş oldu.
Bütövlükdə, X Bakı Qlobal Forumunun Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimul vermiş olduğunu deyə bilərik".
Havar Şəfiyeva