"Hesab edirəm ki, Azərbaycanda idxalın əvəz olunması siyasəti ardıcıl sistemli və kompleks şəklində olmalıdır. Bizim yerli təbii resursların müxtəlif ekspert hesablamalarına görə 80 faizi daxili xammal şəklində ixrac edilir".
Bunu Faktmedia.az-a iqtisadçı Elşad Məmmədov deyib. O bildirib ki, biz emala daha çox sərmayə yatırmalıyıq ki, həm daxili, həm də xarici bazarı yerli, yüksək əlavə dəyər tutumlu məhsulla təmin edək:
"O ki, qaldı portağal və yaxud da istehlak bazarında mövcud olan məhsullara, əmtəələrə, biz yenə də idxalın kritik şəkildə çox olmasının şahidi oluruq. Bunun da, əsas səbəbləri kimi, bir tərəfdən ölkədaxili pul-kredit siyasətinin sərt olması, maliyyə resurslarına, kredit imkanlarına çıxışın zəif olması və digər tərəfdən isə, ölkədə istehsal olunan bazarların satış istiqamətlərinin geniş olmamasıdır. Etiraf edək ki, bizim daxili satış bazarımız İran, Türkiyə, Rusiya kimi (hələ mən Çin Xalq Respublikasını demirəm) nəhəng istehsal ölkələri ilə müqayisədə daha məhduddur. Bu da istehsalın rentabelliliyi nöqteyi nəzərdən müəyyən problemlər yaşadır. Ona görə də satış bazarlarının genişləndirilməsi, regional iqtisadi əməkdaşlığın dərinləşməsi, kredit resurslarına yerli sahibkarların çıxış imkanlarının optimal şəkildə təmin edilməsi olmazsa, bizim idxaldan asılılığımız davam edəcək. Bu da milli iqtisadiyyatımızda, ölkə əhalisinin maddi rifahının yaxşılaşmasında öz mənfi təsirini göstərmiş olacaq".
Rəna Həsənova