"Çərşənbələrin keçirilməsi dünyanın yaranmasında iştirak edən 4 ünsür - od, su, torpaq, yel ilə bağlıdır".
Bu sözləri Faktmedia.az-a danışan folklorşünas Atəş Əhmədli deyib.
O bildirib ki, çərşənbələrin bölgələrə görə adların dəyişdirilməsi hallarına da rast gəlinir:
"Məsələn su çərşənbəsinə əzəl çərşənbə də deyirlər. Bəzi bölgələrdə torpaq çərşənbəsində qəbirləri ziyarət edirlər deyə qara çərşənbə də deyilir. Hətta ayrı-ayrı bölgələrdə gül çərşənbəsi, ölü çərşənbəsi kimi də səsləndirilir. Bu çərşənbələrin də öz əsasları var. Amma düşünürəm ki, dünyanın yaranması ilə bağlı olan bu 4 ünsür xalqımızın inancına da öz təsirini göstərir. İnsanlar bu simvolları müqqədıs sayaraq, hər çərşənbəni xüsusi təntənə ilə qeyd edirlər. Məhəlli olaraq ayrı mənalar kəsb etsə belə, ümmi olaraq bütün dünya xalqları bu 4 ünsüri dünyanın yaradılışı kimi qəbul edir. Digər xalqlar bizdən fərqli olaraq başqa-başqa bayramlar ilə əlaqləndirərək bu simvolları xarakterizə edən bayramlar, xüsusi günlər təşkil edirlər".
Havar Şəfiyeva