Çexiya Rusiya Xarici İşlər Nazirliyindən Rusiyanın respublikadakı diplomatik missiyasının binalarının yerləşdiyi 40 torpaq sahəsinin icarəsinə görə ödəniş tələb edib.
Faktmedia.az xəbər verir ki, bu barədə Çexiyanın “Seznam zpravy" nəşri yazır.
Qeyd olunur ki, Praqa SSRİ ilə bağlanmış və Sovet Xarici İşlər Nazirliyinin qurumları üçün torpaqdan sərbəst istifadə hüququnu nəzərdə tutan müqavilələrə yenidən baxılmasında israrlıdır. Sonra bu hüquq Rusiya Xarici İşlər Nazirliyinə miras qalıb.
“Çexiya Xarici İşlər Nazirliyi artıq on milyonlarla krona çatan kirayə borcunun məbləğini hesablayıb. Nazirlik dəqiq məbləğ və təfərrüatları açıqlamayıb”, – Seznam zpravy yazır.
Bundan əvvəl Rusiyanın Polşadakı səfiri Sergey Andreev bildirmişdi ki, Varşavada yerli hakimiyyət Rusiya diplomatik mülkiyyəti olan binanı zəbt edib. Diplomatın sözlərinə görə, 2022-ci il aprelin 11-də səhər saatlarında Polşa məhkəmə icraçıları Rusiyanın Sobieski küçəsi 100 ünvanındakı diplomatik mülkiyyətində yerləşən binaya gələrək onun Varşava meriyası tərəfindən təmsil olunan dövlət xəzinəsinə təhvil verilməsini tələb ediblər.
Havar Şəfiyeva