"Gürcüstandakı hadisələr onsuz da daxili tələbatların fışqırmasının nəticələri deyil. Bu, daha böyük oyunların carçısıdır, əslində gözlənilən proseslər baş verir. Gürcüstan Qərblə Rusiyanın qızğın mübarizə apardığı məkanlardan biridir, Tbilisi iki ərazi münaqişəsindən əziyyət çəkdiyindən Moskvanın tənələrindən çəkinir".
Bunu Faktmedia.az-a siyasi şərhçi Akşin Kərimov deyib.
O bildirib ki, Gürcüstanda idarəetmədə böyük səlahiyyət sahibi olan hökumət anlayır ki, dövlət Rusiyaya qarşı beynəlxalq kampaniyanın iştirakçısına çevrilsə, Kreml ərazi konfliktləri ilə bağlı kartlarını oynayacaq. Gürcüstan hökuməti prinsipcə Qərbə meyllidir, yəni Qərbin dəyərlər və siyasi-hüquqi sisteminin bir parçası olmaqda maraqlıdır:
"Ancaq təhlükəsizlik narahatlıqları Tbilisini Moskvanın maraqlarını öndə tutmağa səbəb verir. Gürcüstan Prezidenti isə Qərbə dəstəyini açıq ifadə edir, beləliklə Tbilisi kartları balanslaşdırdığını göstərir, hər nə qədər prezidentlə hökumət arasında böhran olsa da. Bəli, Gürcüstandakı hadisələr Qərb-Rusiya rəqabətinin təzahürləridir və zamanla bu fərqli fazalara keçəcək.
Nə qədər ki, Gürcüstan ərazi münaqişlərindən əziyyət çəkir, onun iplərindən biri Rusiyanın əlində olacaq. Ərazi münaqişələri ola-ola Rusiyaya arxa çevirib Qərbə üz tutmaq isə Tbilisi üçün təhlükəli ssenariləri yedəyində gətirməyə davam edəcək.
Gürcüstan Cənubi Qafqaz üzrə siyasi qərarların veriləcəyi məkan statusundadır, Qərb öz, Moskva isə öz tərəfində saxlamaqla gələcək qərarlarda öz hakimliyini əldən buraxmaq istəmir".
Havar Şəfiyeva