Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Bu görüşü Faktmedia.az-a şərh edən politoloq Elxan Şıxəliyev bildirib ki, artıq birinci görüş baş tutdu, xüsusən nümayəndə də təyin olunub:
"Təbii ki, bu görüşün davamı olacaq. Bizim Qarabağda yaşayan ermənilər üzərinə konkret bir yol xəritəmiz var. İnteqrasiya başlamalıdır. Artıq başlanğıc olaraq təmasların davamı bərpa olundu. Bu təmaslar Vardanyandan əvvəl də bu ölkədə var idi. Vardanyanın ora təyin olunması məsələləri bir az sıfırlamışdı. Yenidən nümayəndələr görüşdü. Azərbaycan tərəfindən Qarabağda yaşayan ermənilər üzərində tələblər nə idisə, zaman-zaman həyata keçiriləcəyini və inteqrasiyaya gətirib çıxaracağını gözləməliyik. Ən pis vəziyyət heç bir təmasın olmamasıdır. Təmaslar varsa, demək ki, tərəfləri istəkləri üzərinə danışıqlar aparılacaq".
Hərbi ekspert əlavə edib ki, Azərbaycan tərəfinin tələbi Rusiyanın sülhməramlı quvvələrinin müvəqqəti yerləşdikləri ərazidən qeyri-qanuni birləşmələrin çıxarılmasıdır, qırmızı xəttimizdir:
"Eyni zamanda Laçın koridorunun nəzarət məntəqəmizin bərpa olunmasıdır. Mən düşünürəm ki, bu prosseslər Azərbaycanın istəklərini həyata keçirmək üçün müsbət bir nəticəyə gətirəcək".
Rəna Həsənova