Faktmedia.az Gənc bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Vəfa Bağırzadə ilə müsahibəni təqdim edir.
- İlk öncə sizi tanıyaq, Vəfa Bağırzadə Kimdir?
- Mən Vəfa Bağırzadə Camal qızı 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olmuşam. İlk musiqi təhsilimi Bakı şəhəri, Biləcəri qəsəbəsi Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində almışam. 2007- 2011 - ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuşam. Kolleci bitirdikdən sonra 2012-2016 - cı illərdə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017- 2019 - cu illərdə isə həmin ixtisas üzrə magistr pilləsində təhsil almışam.
- Necə oldunuz ki, bəstəkarığı seçdiniz? Ailədənmi məsləhət gördülər yoxsa özünüzdə istedad kəşf edib bu sahəyə gəldiniz?
- Uşaq yaşlarımdan bəstəkarlığa marağım var idi və bu sənətə yiyələnməyi çox arzulayırdım. Dahi bəstəkarların əsərlərini dinləyəndə onların bu cür gözəl musiqiləri necə yarada bildikləri məni hər zaman düşündürürdü. Uşaq vaxtı öz melodiyalarımı bəstələyib, onları zümzümə edirdim. Lakin bir qədər böyüdükdən sonra dərk etdim ki, bəstəkarlıq çox uca və müqəddəs bir zirvədir. Və artıq elə düşünməyə başladım ki, heç zaman bu zirvəyə yüksələ bilməyəcəyəm. Bu səbəbdən də musiqi kollecini bitirdikdən sonra musiqişünaslıq ixtisası üzrə hazırlaşmağa qərar verdim. Sonra elə oldu ki, bu ixtisas üzrə hazırlaşarkən müəlliməmlə söhbət əsnasında ona heç kimə göstərməsəm də, mənim də bəstələrimin olduğunu dedim. O, bəstələrimi bəstəkar və müəllim Cəlal Abbasova göstərməyimi təklif etdi. Əvvəl tərəddüd etsəm də, sonradan komplekslərimi bir kənara qoyub bəstələrimi ona göstərdim. Heç gözləmədiyim halda Cəlal müəllim bəstələrimi çox bəyəndi və mənə bu sahəni davam etdirməyi məsləhət gördü. Həmin andan etibarən o, mənimlə ciddi məşğul olmağa başladı. Forma quruluşuna tabe olan və notla əsər yazmaq ilk vaxtlar mənə çox çətin gəlsə də, zaman keçdikcə öyrənməyə başladım. Beləliklə, 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisasına qəbul ola bildim. Burada elə Cəlal Abbasovun sinfində təhsil almağa başladım. Lakin mənim istedadimi və potensialimi tam mənada kəşf edən çox dəyərli bəstəkar və müəllim Pikə xanım Axundova olmuşdur. Bəli, Cəlal müəllimlə paralel olaraq mən Pikə xanımdan da uzun müddət bəstəkarlıq dərsləri almışam.
Və əminliklə deyə bilərəm ki, mənim bu sənətdə uğur qazanmağımın, bu sənəti daha çox sevməyimin, professional, savadlı bəstəkar kimi yetişməyimdə Pikə Axundovanın rolu böyükdür.
- Vəfa xanım, hazırda gənc bəstəkarların yaradıcılığına dəyər verilirmi?
- Çox təəssüflə qeyd edirəm ki, xeyr. Elə bir dövrə gəlib çatmışıq ki, bəstəkarlığa ümumiyyətlə dəyər verilmir. Bu gun bəstəkarlıq ixtisasını bitirən məzunların diplomları musiqi məktəblərində işə qəbul üçün yararlı deyil. Gənc nəsil bəstəkarlar yetişdirmək üçün 2 musiqi məktəbi istisna olmaqla heç bir məktəbdə bu ixtisas tədris edilmir, vakansiyalar açılmır. Təlabat yoxdur deyirlər.
Çünki təbliğat zəifdir. Əlbəttə tv-lərdə bayağı musiqiləri, əyləncəli şou-proqramları təbliğ etməkdən ciddi sənətə vaxt qalmır. Ona görə də mədəniyyətimiz, musiqimiz inkişaf etmir. Sanki hər şey keçmişdə qalib... Bəli, razıyam ki, bəstəkarlıq ciddi sənətdir. Ancaq təəssüf ki, diktafona oxunaraq aranjemanın gücü ilə ərsəyə gətirilən bayağı musiqilərin müəllifləri də özlərini bəstəkar adlandırırlar. Halbuki onların not yazısından və elementar musiqi nəzəriyyəsindən belə xəbərləri yoxdur. Bu da cəmiyyətdə çaşqınlıq yaradır. Təəssüf ki, indiki dövrdə bəstəkar deyəndə bəzən insanların ağlına elələri gəlir. Hər il BMA və AMK - nı bəstəkarlıq ixtisası üzrə bitirən məzunlarımız olur. Amma əfsuslar olsun ki, onların heç də hamısı maddiyyat və çətinliklər üzündən bu sənəti davam etdirə bilmirlər.. Məhz bu səbəbdən də bir qismi daha çox əyləncəli, şou xarakterli mahnılar bəstələməyə üstünlük verirlər. Bəziləri isə hətta toylara gedib müğənni kimi fəaliyyət də göstərirlər. Əslində, onları qınamaq da olmaz. Nə etsinlər? Təəssüf ki, dövrümüzün tələbatı budur. İndi daha çox bayağı musiqilər dinlənilir və sevilir. Ciddi, akademik musiqilər bəstələməklə qazanc əldə etmək, qabağa getmək çox çətin məsələdir. Lakin müasir dövrdə bütün bu çətinliklərə baxmayaraq ciddi musiqilə məşğul olan gənc və istedadlı bəstəkarlarımız da az deyil. Onlar arasında Sevinc Əliyeva, Tamilla Əhədova, Röya Hüseynova, Aydan Əliyeva, İlahə
İsrafilova, Aysel Əzizova, Tural Məmmədli və başqalarının adlarını çəkmək olar. Problemlər, əksikliklər çoxdur. Ümid edirəm, bir gün hamisi öz həllini tapar və ciddi musiqiyə təlabat artar...
- Sənət aləmindən kimlərlə dostluq, yoldaşlıq edirsiniz? Sizə dəstək olanlardan kimlərin adlarını çəkə bilərsiniz?
- Tanınmış insanların heç biri ilə dostluq etmirəm. Öz çevrəm, öz əhatəm var mənim. Həmkarlarimla münasibətim çox yaxşıdır. Taninmiş sənətkarlardan təkcə Pikə Axundovanın adini çəkə bilərəm. Sənətdə həm dostum, həm müəlliməm, həm də yol göstərənimdir. Ailəmdən sonra Ən böyük dəstəkçim də özüdür.
- Gələcəkdə fəaliyyətinizlə bağlı hansı planlarınız var?
- Bəstəkarlıq, ümumiyyətlə , musiqi mənim həyatimin ayrilmaz hissəsidir. Mən musiqilə nəfəs alıram. Əsərlərimlə yaşayiram. Artiq daha da irəlləməyi düşünürəm. Çox çalışıram, axtarişlar edirəm, musiqilər dinləyirəm. Özümü inkişaf etdirirəm. Planlarim çoxdur. İnşallah hər birini zamanla həyata keçirəcəyəm. Dayanmaq olmaz, irəli addımlamaq lazımdır.
- Yaradıcılığınızın mühüm bir qolunu daha çox akademik əsərlərə bağlayırsınız, bu nə ilə əlaqədardır?
- Klassik - akademik musiqilər mənim yaradiciligimin əsasını təşkil edir. Profilim əsasən bu istiqamətdədir. Mən uşaqlıqdan klassik musiqilər dinləməyi sevmişəm.Valideynlərimiz bizi klassik musiqi ilə böyüdüblər. Yadıma gəlir ki, uşaq vaxtı hətta yatanda belə klassik musiqi dinləyirdik. Evimizdə daim Bethovenin, Şopenin, Baxin , Motsartin əsərləri səslənirdi. Bəlkə də akademik musiqini sevməyimdə və bu istiqamətdə istiqamətdə yönəlməyimdə dinlədiyim musiqilərin təsiri böyükdür. Əlbəttə, musiqi məktəbində ifa etdiyim, öyrəndiyim musiqi əsərlərinin də təsirini unutmaq olmaz.
- Müsahibələrin birində ən böyük istəyiniz "Əli və Nino" əsərinə balet yazmaq olduğunuzu demisiniz. İstəyinizə çatmısınızmı yoxsa ...?
- Bəli, belə bir arzum və planım var. İnşallah, yaxın gələcəkdə həyata keçirəcəyəm, mütləq. Hələ ki, digər musiqilər üzərində işləyirəm.
Havar Şəfiyeva