"Etnik azlıqlarda assimilyasiya güclü gedir. Azərbaycanda istər hakimiyyət tərəfindən, istərsə də xalq tərəfindən etniklərə qarşı mənfi münasibət hiss etməmişəm. Bu mənada Azərbaycan bəlkə də ideala yaxın bir ölkədir".
Bunu Faktmedia.az-a yazıçı Şərif Ağayar deyib. Yazıçı bildirib ki, Azərbaycan kiçik ölkədir, burada yaşayan etnik azlıqların əksəriyyətinin mədəniyyət mərkəzləri, radio verilişləri, qəzetləri var:
"Bu, sovet dövründə də belə idi, müstəqillik dövründə də belədir. Azərbaycanda kimsə talış, kürd, tat dilində bir kitab yazarsa, ona heç bir nəşriyyat basqı etməz, heç bir tənqidçi yazmaz ki, bu filan dildə niyə kitab çap etdirir. Bu mənada ölkəmizdə problem yoxdur. Assimilyasiya bir az da insanların özündən asılıdır. Bu məsələ şəxsi təşəbbüslərlə əlaqəlidir. Dövlətdə bir maneə, xalq arasında bir ayrıseçkilik yoxdur. Mən müşahidə etmişəm ki, orta məktəbdə kürd dilində dərs saatları var, amma müəllim dərsi keçmir. Əslində heç kəs onlara maneə yaratmır, sadəcə özləri keçmir. Yəqin ki, tədricən bu məsələlər aradan qalxar. Etnik azlıqların dili ilə yanaşı ümumi bir ana dilimiz də var. Bu gün Azərbaycanda ana dilimizin özundə də çox ciddi problem var. Birinci dil korpusunun yaradılması məsələsidir. Mən deyərdim ki, dil də dövlətin əsas atributlarındandır. Dil yoxdursa, heç nə yoxdur. Azərbaycanın kimliyi onun dili ilə çox bağlıdır. Bu 30 ildə biz dil korpusunu tam yarada bilməmişik. Mənə elə gəlir ki, hakimiyyətin başı daha vacib olan ərazi məsələsinə, Qarabağ məsələsinə çox qarışıb. İdarəçilik sistemində olan bəzi məmurlarımız dil ilə bağlı məsələlərə heç bir önəm vermirlər. Biz uzun müddət Rusiyanın müstəmləkəsində yaşamışıq. O dövrlərdə Mirzə İbrahimovun Azərbaycan dili ilə bağlı etdiyi fədakarlığı mütləq qeyd etməliyik".
Yazıçı əlavə edib ki, hələ 50 ci illərdə Ali Sovetin sədri olan vaxtlarda Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması məsələsini səs çoxluğu ilə həll etdi:
"Moskva məsələni inkar edə bilmədi, lakin M.İbrahimovu vəzifəsindən azad etdilər. Dilimizin az-çox uğurları ki, var onlara görə yazıçılarımıza borcluyuq. Ədəbiyyatın cəmiyyətdə önəmini azaldan insanlara Səməd Vurğun yaxşı nümunədir. Atatürkün inzibati resurslarla etdiyi inqilabı S.Vurğun şeirlərlə etdi. Ümumiyyətlə güclü inkişaf getməlidir. Yeni sözlər gəlməlidir. Biz adekvat olmalıyıq".
Qeyd edək ki, Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Rəna Həsənova