“Qarmon mənim ürəyimdir, bir gün ifa etməsəm darıxaram, heç vaxt uzaq qala bilmərəm". Bəzən istedad olur, şans üzə gülmür. Bəzən də şahidi oluruq ki, üzünə şans gülənlərin istedadı olmur. Amma indi haqqında danışacağımız şəxs istedadlıdır, amma tele onu bütün arzularından məhrum edib. Hər halda qəhrəmanımız belə deyir.
Mingəçevirdə hərkəs onu həvəskar qarmon ifaçısı Arif kimi tanıyır. Əslində isə o, Aydın Mustafayevdir. 75 il öncə İsmayıllı rayonun Talıstan kəndində dünyaya gəlib. Kiçik yaşlarında hündürlükdən yıxılaraq sağ qolu sınıb.
"Sınıqçı" düzgün salmadığından, həkim onun qolunu kəsməli olub. Beləcə Aydın kiçik yaşlarından özü də istəmədən bədən üzvlərindən birini itirməli olur. Amma onun həyat eşqi ölmür. Atasının kiçik qarmonu götürüb heç bir müəllim olmadan sol əli ilə musiqilər öyrənərək onları ifa etməyə başlayır. İlk ifa etdiyi hava isə "Uzundərə" olur. 2 bacının yeganə qardaşı olan 75 yaşlı Aydın Mustafayev qüsurlu olduğu üçün ailə həyatı da qurmayıb. Mingəçevirli Arif nə radio, nə televiziyaya baxıb öyrənməyub. O bacarığının sanki Allah vergisi olduğunu bildirir. Qarmonu bir gün ifa etməsə darıxdığını, dura bilmədiyini bildirir.
Mingəçevir şəhərində hərkəs onu xeyirxah, mülayim biri kimi tanıyır. Yaşlı nəsil onu parklarda, insanların çox toplaşdığı yerlədə ifaları ilə diqqət çəkdiyini deyirlər. 75 yaşlı kişinin bu yaşında sol əli ilə ifa etdiyi musiqilər isə dinləyənlərə xüsusi zövq verir.
Aydın Mustafayevin hazırda 4 qarmonu var. O, sonuncu qarmonun millət vəkili Aydın Mirzəzadə tərəfindən ona hədiyyə olduğunu deyir.
Arifi tanıyan qonşular deyir ki, bu 75 ildə Arifin cəmi bir arzusu olub, nə var istəyib, nə də dövlət - istədiyi üzərində Azərbaycan bayrağı olan qarmonunun olmasıdır. Bu arzunu imkanlı şəxslərə də deyib, amma bu günə qədər Arifə o qarmonu alan olmayıb. Qonşuların sözlərinə görə, onlar Arifi lap gənc yaşlarından dinləyirdilər. Heyif, imkansızlıq ucbatından onun istedadı itib-batdı.
Esmira Hidayətova