Faktmedia.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədovla həmsöhbət olub.
Müsahibəni təqdim edirik
- Ədalət bəy, istəyirdim iki dövrdən - keçmiş və bu günün maraq dairəsindən, yəni teatra olan maraqdan başlayaq...
- Öncələr müxtəlif müəssisə rəhbərləri çalışırdılar ki, kollektivləri teatr tamaşalarına baxsınlar. Müəssisələr də tez-tez teatr xadimləri ilə görüşlər keçrirdi. Universitetlər, texniki peşə məktəbləri, fabriklər hamı çalışırdı ki, yeni tamaşanın premyerasında iştirak eləsin. O vaxtlar böyük marağa səbəb olması elə ondan irəli gəlirdi. Hansı ki, indi belə təşəbbüsə can atmırlar. Yadımdadır, metropolitenin işçiləri rəhbəri başda olmaqla tamaşalarımızda tez-tez iştirak edirdi. O dövrdə yeni çıxan romanlara, povestlərə maraq olurdu. Yazıçılarla görüş keçirilir, oxucular maraqlandığı sualları verirdilər. Bu günki gündə də premyeralara dəvət olunur, görürük ki, zallarda heç də tamaşaçı sayı az deyil. Ən son tamaşamız "Vətən xainlərinin arvadları" oldu. Quruluşçu rejissor Mehriban Ələkbərzadə idi. Hələ 4 tamaşası gedib, biletlər hələ də satılır.
- Teatr insana nə verir. Smartfonların baş qatdığı dövrdə, daha doğrusu zamanını maraqlı keçirə bildiyi dövrdə teatra niyə gəlsin? Maraqlı keçib deyirəm, bunu yəqin siz də müşahidə edirsiniz.
- Teatr canlı bir orqanizmdir. Hər zaman istədiyimiz inkişaf gedə bilmir. Əvvəlki illərdə texniki təchizat məsələsi çox pis idi. Son dönəmlərdə demək olar ki, ölkəmizin paytaxtında olan teatrlarda, hətta bölgələrdə olan teatrlarda da təmir işləri bitib. İşləmək üçün yaxşı şərait qurulub. Elə tamaşalar var rejissor gözləyir ki, bu çox yaxşı tamaşa olacaq, ancaq o düşündüyünü səhnədə həyata keçirə bilmir və ya aktyor düşündüyü formada o obrazı oynaya bilmir. Yaradıcı prosesdə gözləmədiyin anda çox böyük uğur da olur. Son dövrlərdə müsbət tendensiyalar daha çoxdur. Elə tamaşalar var ki, çox uğurlu alınıb. Gənclərimiz müxtəlif dilləri, xarici ədəbiyyatı öyrənir, bu sahədə daha böyük uğurlarımızı gözləyirik.
- Dediyiniz kimi, vizionun düzəldiyi, rənglərin artdığı teatr niyə tamaşaçı qıtlığı yaşayır?
- Tamaşaçı qıtlığına gəldikdə bizim teatrda bu demək olar ki, yoxdur. Elə vaxtlar olub ki, şənbə və bazar günləri günə 3 tamaşa oynamışıq. Açıq kassadan biletlər satılır. Bir mərkəzləşdirilmiş şəhər üzrə bilet satışı var, bir də açıq kassadan bilet satışı mövcuddur. Tamaşaçı qıtlığını heç hiss eləmirəm. Hazırda həftənin 4/5 günü tamaşalarımız olur. Əvvələr hamı kollektiv şəklində gələrdi, amma indi insanlar öz sevdiyi tamaşalarına üz tuturlar. 90-cı illərdə işləyəndə tamaşanın təxirə saldığımız vaxtlar da olurdu. Amma indi elə şeylərlə rastlaşmırıq.
- Sizin yaradıcıllığınızda hansı tamaşalar yer alıb?
- 1989-cu ildə Gənclər Teatrı yarandı. Mən o vaxt 3-cü kursda oxuyurdum və o vaxtdan teatrda işləməyə başladım. 90-cı illərdə Nəcəf Bəy Vəzirovun "Dələduz" komediyasında baş rolda Məcid obrazını oynayırdım və o tamaşa mənə çox uğur gətirdi. Ondan sonra Dövlət televiziyasında görüş keçirildi. Türkiyədə dəfələrlə o tamaşada çıxış elədim. Onun arxasınca Vaqif Səmədoğlunun "Dağ tikirik" adlı komediyasında oynadıq. "Xoşbəxt gün" əsərində Baba rolunda, M.F Axundzadənin "Hacı Qara" əsərində Hacı Qara rolunda, oynamışam.
- Hansı rol sizin də, elə tamaşaçının da ürəyincə olub?
- Ən sevərək oynadığım rollardan biri "O Olmasın, bu olsun" tamaşasındakı Həsənqulu bəy roludur. Orada bizimlə mərhum aktrisamız Tünzalə Əliyeva da oynayırdı. Yeni ildə Yazıçı Elçinin "Televizor" adlı televiziya tamaşasında Səftər rolunu oynadım. Orada xarakter tamamilə başqa idi.
- Söhbətimizin əvvəlində dediyimiz kimi, texnologiyanın hörümçək toruna çevrildiyi bir dövrdə sizinlə teatrdan qısa da olsa söhbət etmək oldu...
- Təşəkkür edirəm!
Söhbətləşdi Havar Şəfiyeva