2023-cü ilin 9 ayı ərzində baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Agentliyə qida zəhərlənmələri ilə bağlı 586 müraciət daxil olub. Təsdiqini tapmış zəhərlənmə faktlarının sayı 106 olub. Eyni zamanda, qida zəhərlənməsilə əlaqədar 869 nəfər qeydiyyata alınıb, təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı 216 nəfər təşkil edib. Zəhərlənmədən ölən 1 nəfər olub.
Son dövrlər zəhərlənmələrin sayının artması ilə bağlı sualımızı cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Faktmedia.az-a deyib ki, bu həftə ərzində təkcə göbələkdən zəhərlənərək 3 nəfər dünyasını dəyişib:
"Qida zəhərlənmələri demək olar ki, tez- tez baş verir. Qida məhsullarının istehlakçıya çatdırılmasının 3 əsas növü var. Bunlardan birincisi sənaye üsulu ilə- yəni zavod şəklində hazırlanan, ikincisi kustar üsulla hazırlanıb bazara çıxarılan və yaxud da məhəllə marketlərində satılan, üçüncüsü isə ailədə hazırlanıb, birbaşa ailədə istifadə olunan məhsullardır. Mən birmənalı şəkildə Azərbaycanda ailədə hazırlanıb, istifadə olunan şorabalar və sairə qida məhsullarının əleyhinəyəm, bu yolverilməzdir. Sənaye üsulu ilə hazırlanan məhsullara üstünlük vermək lazımdır. Bütün dünyada zəhərlənmələr mövcuddur. Azərbaycanda zəhərlənmələrin statistikası düzgün aparılmır, dünya göstəricisindən yeddi yüz dəfə az göstərilir, hansı ki, Azərbaycanda ümumdünya göstəricisinə uyğun olaraq ildə bir milyon zəhərlənmə olmalıdır.Zəhərlənmələrin qeydiyyatı Azərbaycanda çox əcaib vəziyyətdədir. Səhiyyə müəssisələri ilə Qida Təhlükəsizliyi Agentliyi və digər təşkilatlar arasında bir uyğunluq yoxdur ki, zəhərlənmələri düzgün qeydiyyata alsınlar. İlk baxışda dünyanın ən az zəhərlənən insanları olduğumuz bir halda, biz uzunömürlü olmalıyıq, lakin uzunömürlülər siyahısında biz 115 ölkədən geri qalırıq. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə 119- cu yerdəyik. Bu o deməkdir ki, bizim qidalarımızda problemlər var və Azərbaycan hökuməti biznes qurumları üçün elə bir toxunulmaz şərait yaradıb ki, kim nə istəyir xaricdən gətirib satsın, yaxud özü istehsal edib satsın və s. Qida Təhlükəsizliyi Agentliyinin işi də effektli deyil, bütün qida zəncirinə nəzarət edə bilmir, ona görə də Azərbaycanda standartlara uyğun olmayan qida istehsalı mövcuddur. Dünən mənə Sumqayıtdan qənd gətiriblər və istehlakçılar deyirlər ki, bunların heç bir etiketləri yoxdur, birbaşa açıq kisələrdən satılır və çox tünd ağdır. Mənə müraciət edən istehlakçı güman edir ki, bu kəllə qənd kimyəvi yolla ağardılıbdır".
O, əlavə edib ki, AQTA 6 ay öncə kəllə qəndlərlə yaxşı bir tədqiqat apardı, on ikiyə yaxın kəllə qənd istehsalçısını ifşa etdi, kimyəvi maddələr vurulmasını ifşa etdi:
"Lakin görürük ki, başqa ölkələrdən də, İrandan da kimyəvi yolla hazırlanan qəndlər yenə də satışda var. Bu halların baş verməməsi üçün qida istehsalçıları Qida Təhlükəsizliyi Agentliyinin reyestrinə daxil olmalıdırlar. Təsadüfi deyil ki, Azad İstehlakçılar birliyi hazırda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi, bu yaxınlarda keçiriləcək bir müsabiqədə iştirak etmək niyyətindədir və biz ev təsərrüfatında.hazırlanıb bazara çıxarılan qidaların standarta uyğun hazırlanması üçün treninqlər keçirəcəyik. Mümkün olanı biz edəcəyik ki, bu işlə məşğul olanlar təhlükəli qidalar hazırlamasınlar".
Rəna Həsənova