"Ümumiyyətlə Azərbaycan bazarı ilə bağlı proqnoz vermək çox çətindir. Bazarda monopoliya var və bu çox ciddi faktordur. Əslində, bəzi məhsullar var ki, həqiqətən də bolluq olanda, sadəcə həmin məhsullar fermerlər, kəndlilər tərəfindən şəhərə, bəzi yaşayış massivlərinə satışa çıxarılır və bu da nisbətən bazara təsir edir".
Bunu Faktmedia.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
Ekspert bildirib ki, amma son zamanlar ərik, gilas kimi bahalı meyvələri artıq oliqarx məmurlar öz inhisarına alıblar:
"Onlar bu məhsulları kəndlidən, fermerdən alır, özlərinə məxsus olan, hətta dövlət büdcəsi hesabına yaradılmış soyuducu anbarlarda saxlayır və hissə- hissə bazara çıxarıb satırlar. Bu gün bazarlarda bolluq görürsünüz, amma bu bolluq həmin məhsulların geniş alıcı tərəfindən alınmadığı üçün yaranır. Yəni, az sayda insanlar var ki, həmin meyvələrdən 1-2 kq və ya daha çox ala bilsin. Böyük əksəriyyət uşaq nübar etsin deyə 200-300 qr ala bilmək imkanına malikdir. Bazarda monopoliya olduğu üçün qiymətlərin ucuzlaşacağını demək düzgün olmaz. Biz ötən il də gördük ki, Azərbaycanda yetişdirilən gilas Azərbaycan bazarında 10-12 manata satılırdısa, həmin gilas Rusiya bazarında 8 manata satılırdı. Rusiya bazarına həmin məhsulu çıxaran da bizim oliqarx məmurlar idi. Bu il də görünür vəziyyət elə olacaq, ona görə ki, onların soyuducu anbarları boş qalmamalıdır. Bildiyimiz kimi o anbarlar çox baha qiymətə inşa edilib. Orada şoklama prossesi gedir. Fermerden alınan məhsul dərhal gətirilib, təxminən 2-3 dərəcə soyudulmuş suya salınır və bir müddət orada saxlandıqdan sonra çıxarılaraq uzun müddət anbarlarda saxlamaq mümkün olur. Bu da onlara imkan verir ki, qiyməti aşağı salmasınlar, yəni bazarda qiyməti istədikləri səviyyədə saxlamaq üçün geniş imkan əldə ediblər".
V. Məhərrəmli əlavə edib ki, həmin soyuducu anbarların tikilməsinə dövlət 1 milyard 100 milyon vəsait ayırıb:
"Ölkədə 50-yə yaxın aqropark var k, onlar yüksək vəzifəli oliqarx məmurlara və onların yaxın qohumlarına məxsusdur. Təəssüflər olsun ki, o sahəni əllərinə alıblar. Əvvəllər kartof, soğanın idxalını ələ almışdılar. Mən ona görə bu məhsulları deyirəm ki, bu məhsullar bir o qədər də baha qiymətə satılmır.Amma bizim üçün 1 manata kartof almaq da bahadır. Amma 1 manata kartof almaq hara, 12 manata gilas almaq hara? Oliqarxlar bu sahəni ələ aldıqlarına görə, meyvələrin qiyməti təəssüflər olsun ki, baha olmaqda davam edəcək".
Rəna Həsənova