"Dünən Elmlər Akademiyasının kitabxanasında Dövlət Dil komissiyasının nəzdində Monitorinq Mərkəzinin çox böyük bir tədbiri keçirildi. Həmin tədbirə mən də dəvət olunmuşdum, iştirak etdim. Tədbirdə mən də çıxış etdim. Doğrudan da həmin kitabın hazırlanmasına çox böyük zəhmət çəkilib. Elə mahnıların siyahısı neçə-neçə cildlərə sığmaz".
Bunu Faktmedia.az-a tanınmış şair, Respublikanın əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
B. Vəziroğlu əlavə edib ki, çünki bu gün yaranan "müasir mahnılar"ın 90 faizi həmin kitaba salınmalıdır:
"Bu gün Azərbaycanda mahnı janrında böyük xaos yaşanır, yəni el dili ilə desək bu sadəcə biyabırçılıqdır. Mən tədbirdə də dedim ki, biz nəticəni müzakirə edirik, nəticə barədə polemika aparırıq, amma bunun səbəbləri var. Biz kamil oxucu, dinləyici yetişdirməliyik. İsa Hüseynovun "Nəsimi" filmində məhşur bir kəlamı var idi: "İki cür insan var; kamil insan, cahil insan". Nə qədər ki, cahillər çox olacaq məmləkətimizdə, belə dırnaqarası mahnılar, cızmaqaralar, küçə oxuyanları Azərbaycan televiziya və radio məkanında meydan sürəcək. Biz yüzillərlə də onun nəticəsini müzakirə etsək də heç bir faydası olmayacaq. Tez-tez təkrar edirlər ki, insanları maarifləndirmək lazımdır. Mən bu fikrin əleyhinəyəm. İnsanları maarifləndirməkdən öncə tərbiyələndirmək lazımdır. Axı tərbiyəsiz insanlar heç bir öyüd-nəsihəti qəbul etmir və onlara elə gəlir ki, tutduqları yol ən düzgün yoldur. Ona görə də səbəbləri aradan qaldırmaq lazımdır".
Şair çıxış yolu kimi əlavə edib ki, dövlət proqramı olmalıdır:
"Təbii ki, mən insanlar deyəndə, həmin mahnıları dinləyən, küçə ədəbiyyatını oxuyan kütləni nəzərdə tuturam. Biz qılınc müsəlmanıyıq. Belə insanları tərbiyə etmək üçün bir əlimizdə Quran olacaqsa, bir əlimizdə qılınc olmalıdır. Quranla başa düşən sağ olsun, başa düşməyənin başına gərək o qılıncı endirəsən.Biz kamil insanlar olan bir cəmiyyət yaratmalıyıq. Onda belə müzakirələrə də, belə kitabların tərtib olunub, çap olunmasına da ehtiyac qalmayacaq".
Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb. 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Həmçinin zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapıb. Həmin mahnılar, müəllif və ifaçılarının adları ilə bu linkdən tanış olmaq olar.
Rəna Həsənova