“Son zamanlar cəmiyyətdə dərman preparatlarının bahalaşmasının həkimlə apteklərin birgə əməkdaşlığının səbəb kimi başa düşülür. Əksinə, bu belə deyil. Dərman qiymətləri nə aptek, nə həkim tərəfindən tənzimlənmir”.
Bu fikirləri Faktmedia.az-a tibbi media və əczaçılıq sahəsində uğurlu iş qadını Günay Kazımova deyib.
G. Kazımova bildirib ki, dərman qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir:
"Mən istərdim ki, jurnalistlər hansısa bir dərman preparatının qiymətinin ucuz olmasının onu idxal edən sahibkarın cibinə ziyan vurduğunu da araşdırsın. Həmin məhsulun müəyyən bir xammal qiyməti, Azərbaycana idxalı, gömrük rüsumu, vergi xərcləri var. Tarif Şurası bu məhsula elə qiymət müəyyənləşdirir ki, xərclərinin ödənməsi tənzimlənmir. Uyğun qiymət qoyulmadığına görə, sahibkar idxal edə bilmir və nəticədə də həmin preparatların qıtlığına səbəb olur. Onu qeyd edim ki, dərman qıtlığı təkcə Azərbaycanda deyil, bütün ölkələrdə yaşanır. Bu da pandemiya dövründə xammal istehalının azalması ilə bağlıdır".
G. Kazımova əlavə edib ki, ölkədə dərmanlarda da süni qiymət artımı ilə rastlaşırıq:
"Başlıca səbəb ölkəyə lazım olan dərman preparatlarının gətirilməsi üçün icazə verilməsinə şərait yaradılmamasıdır. Dərman tapılmır və yaxud sahibkarın cibinə ziyan olduğu üçün gətirmir. Belə halda, bəzi aptek şəbəkələri qeyri-leqal olaraq həmin dərmanları gətirib istədikləri qiymətə satır. Bu da süni qiymət artımına səbəb olur. Bunun həkimlə heç bir bağlılığı yoxdur. Həkimlərə gəldikdə isə, onlar əczaçılıq şirkətlərinin konfranslarında iştirak edir, yeni dərman preparatlarının tərkibi ilə tanış olurlar. Bu bütün dünya praktikasında belədir. Əczaçılıq, farmakalogiya inkişaf edir, yeni dərmanlar yaradılır. Həkim yeni dərman preparatlarından xəbərdar olmaq üçün marketinq işçilərindən həmin məhsul haqqında məlumat alır. Həkim resepti ilə təyin olunan dərmanları televiziyada reklam etmək olmaz və həmin məhsulun tanınması üçün reklam işləri marketinq işçilərinin üzərinə düşür. Bu normal haldır. Əczaçılıq təbabətin açarıdır".
Rəna Həsənova