Yardımlının acınacaqlı durumu haqqında nə qədər danışılsa da, nədənsə çağırışı eşidən yoxdur ki, yoxdur. Maraqlıdır, nə icra başçısının, nə müavinlərinin heç tükü də tərpənmir. Rayonun kəndlərinə gedəndə - gedəndə deyirəm yol var ki... elə çıxılmaz vəziyyətdə qalırsan ki, adam getdiyinə də peşman olur. Kəndlərə yol yox, kəndlərdə qaz yox... Bircə işıq var, o da Allah umuduna: bircə yarpağın yellənməsi bəs edir ki, işıq dirəkləri yerlə-bir olsun. Su problemi haqqında danışmasaq daha yaxşıdı.
Bəs, görəsən, niyə?
Gəlin başlayaq rayon rəhbərliyindən: bizə çatan məlumat odur ki, rayon rəhbəri Yardımlıya təyin olunan gündən bir dəfə də olsun kabinetindən çıxıb insanların əziyyətlə gedib gəldiyi yollara baxmayıb, insanların dərdini dinləməyib. Bir dəfə də olsun bu problemlərə baş qaldırıb fikir yürütməyib. Yəni “ac qulağım, dinc qulağım” deyib çəkilib öz kreslosuna.
Bizi yandıran odur ki, rayonda doğulub böyüyən müavinləri də dünyanı qələmlərinə, kağızlarına da almırlar. İcranın qapısına gedəni də kor-peşman edib geri göndərirlər. Yediklərini yeyib, yemədiklərini də viləş çayı ilə selə verirlər. Bu arada viləş də quruyub. Çaykənarı kəndlərin ümidi də yavaş-yavaş solub gedir. Yenə Viləşin suyu ilə tərəvəzlərini yetişdirə bilirdilər. O da bir ayrı ekoloji problemdi, amma problemə baxan var?
Bir-iki il bundan qabaq redaksiyamıza kənd camaatı şikayət göndərmişdi ki, yolumuz yoxdur, torpaq yol yalnız 3 ay yay üçün bizim işimizə yarayır. Ondan sonra at-eşşəyə möhtac oluruq. Biz də icra nümayəndəsi ilə danışdıq. Dedi ki, nəyə narahat olursunuz, bu yaz həll edəcəyik. Amma çox yazlar gördük, amma yolun ən azından daşlanmasını görmədik.
Kəndin camaatı yenə bizə şikayət göndərib ki, təcili yardım maşını çağırırıq, amma yolumuz yoxdur, gəlib haya yetişmir. Biz də daha söz verə bilmirik ki, bir yaz da gözləyin. Çünki Yardımlıda vəzifədə oturan hər bir kəs yalnız korrupsiya ilə məşğuldu. Bunu isə hər kəs bilir, görür, nədənsə cəzasız qalır. Artıq səlahiyyət müddəti az qala on ilə çatan icra başçısı öz kabinetində camaatın dərdini də çəkmədi, çəkmək də bir yana, bir işin qulpundan da yapışmadı. Müavinləri də neçə belə icra başçısını yola salıb, “qoca qurd”lara kimin gücü çatar. Nəsə, bircə qalır rayon camaatının acınacaqlı vəziyyətdə ömür sürmələrin. Allah köməyiniz olsun, dözün, dözümlü insanlar!
Şah İsmayıl