Astma tənəffüs yolunda meydana gələn təhlükəli xəstəliklərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ildə astma səbəbiylə gündəlik ölüm sayı 1263 olaraq qeyd edilib. Təşkilatın hesabatında dünyada 339 milyon astma xəstəsi olduğu qeyd olunub.
Faktmedia.az xəbər verir ki, ölkədən ölkəyə fərqli olsa da, dünyada astmanın orta sıxlığının 15% ətrafında olduğu təxmin edilir. Astmadan ölüm hallarının qarşısının alınmasında səhiyyə xidmətlərinə çıxış böyük əhəmiyyət kəsb etsə də, bu xəstəlikdən ən çox ölüm halı aşağı və orta gəlirli ölkələrdə baş verir.
Astma xəstəliyi ABŞ və Avstraliyada, bəzi Qərbi Avropa və Latın Amerikası ölkələrində daha çox yayılsa da, ölüm halları Myanma, Kiribati, Laos, Şri Lanka kimi aşağı və orta gəlirli ölkələrdə qeydə alınır.
ÜST bildirir ki, 2025-ci ilə qədər astma xəstələrinin ümumi sayının 400 milyona çatacağı gözlənilir.
Qeyd edək ki, astma ağciyərlərdə tənəffüs yollarının iltihabı və daralması, öskürək, xırıltı, nəfəs darlığı və döş qəfəsində sıxılma nəticəsində yaranan xroniki ağciyər xəstəliyidir. Bu xəstəlik təkrarlanan və şiddətlənən təngnəfəslik, tənəffüs zamanı xırıltı, döş qəfəsində narhatlıq və öskürək kimi əlamətlərlə özünü göstərir.
Bəsti Məmməd