ABŞ-ın Qida və Dərman İdarəsi donor insan nəcisindən hazırlanan ilk həbi təsdiqləyib. Bu, indiyə qədər təsdiqlənmiş ikinci insan nəcisi müalicəsidir.
Faktmedia.az xəbər verir ki, birincisi, 2022-ci ildə təsdiqlənmiş müalicə idi.
Əvvəllər, "nəcis mikrobiota transplantasiyası" eksperimental müalicə hesab olunurdu, bu da xəstələrin onlara daxil olmasını çətinləşdirirdi.
“Vowst” adlı yeni təsdiqlənmiş həb də canlı bakteriyaları ehtiva edir və “Clostridioides difficile” bakteriyasının səbəb olduğu təkrarlanan infeksiyaların profilaktik müalicəsi kimi 18 yaş və daha yuxarı insanlar tərəfindən istifadə üçün nəzərdə tutulub.
Antibiotiklər adətən bağırsaqda yaşayan bakteriyaların tarazlığını poza bilir və bu, “Clostridioides difficile”la çoxalmaq imkanı verir. Sürətlə çoxalan bakteriyalar ishal, qarın ağrısı, qızdırma və kolitə, bəzi hallarda isə orqan çatışmazlığına və ölümə səbəb ola biləcək toksinlər buraxır.
ABŞ-ın Qida və Dərman İdarəsinin məlumatına görə, təkcə ABŞ-da hər il 15.000 ilə 30.000 arasında insan həmin bakteriya infeksiyalarından ölür.
Qeyd edək ki, klinik sınaqlarda həbin ən çox görülən yan təsirləri şişkinlik, yorğunluq, qəbizlik, titrəmə və ishal olub.
Xəyalə Xəlilova