Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar yeni anti-Rusiya sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya Federasiyasına tikinti və mühəndislik xidmətlərinin göstərilməsini qadağan edəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb .
Əlavə məhdudiyyətlərlə bağlı başqa təfərrüatlar verilmir.
Yapon tərəfi dəfələrlə qeyd edib ki, “Yeddilik” qrupuna sədrliyi çərçivəsində Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə və Ukraynaya dəstək göstərilməsinə diqqət yetirəcək.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun bir qədər əvvəl dediyi kimi, Yaponiya hökuməti “ABŞ-ın Rusiyanı təcrid etmək xətti ilə faktiki razılaşdı”. Rusiyanın Yaponiyadakı müvəqqəti işlər vəkili Gennadi Oveçko TASS agentliyinə müsahibəsində bir müddət əvvəl Tokionun Ukrayna ilə bağlı mövqeyini dağıdıcı adlandırıb və bunun ikitərəfli ticarət və investisiya əməkdaşlığının azalmasına səbəb olduğunu qeyd edib.
Havar Şəfiyeva